Canni İnfantino vəd verdi: “Fələstinin şikayətlərinə baxılacaq”

Beynəlxalq Futbol Assosiasiyaları Federasıyasının (FIFA) prezidenti Canni İnfantino daha bir vədilə futbol ictimaiyyətinin diqqətini çəkib.

Arena.az ali futbol qurumunun rəsmi saytına istinadən məlumat verir ki, İnfantino təşkilat adından, qurumun şurasının iclasında bildirib ki, FIFA-nın nizam-intizam komitəsi Fələstin Futbol Assosiasiyasının (PFA) İsrail tərəfindən mümkün qanunsuzluqlar və ayrı-seçkilik halları ilə bağlı şikayətlərinə hüquqi baxış keçirəcək.

Bildirilir ki, FIFA-nın idarəetmə, audit və normativ tələblərə riayət edilməsi üzrə komitəsi bu məqsədlə müvafiq araşdırma aparacaq. Nəticədə FIFA Şurasına İsrail futbol komandalarının beynəlxalq yarışlarda iştirakının mümkünlüyü ilə bağlı tövsiyələr veriləcək.

FIFA prezidenti Canni İnfantino, “FIFA Şurası bu çox həssas məsələdə lazımi səy göstərib və hərtərəfli qiymətləndirməyə əsaslanaraq, müstəqil mütəxəssislərin tövsiyələrinə əməl edib”, deyə bildirib.

Əlavə edək ki, artıq bir ilə yaxındır FIFA əməli fəaliyyətə keçmək əvəzinə, vədlərlə kifayətlənərək, məsələni uzadır. FIFA-nın bu mövqeyi Fələstin başda olmaqla, zorakılığa və müharibəyə qarşı olan cəbhənin narazılığı ilə qarşılanır.

Xatırladaq ki, Yaxın Şərqdə Fələstin və İsrail arasında gərgin münasibətlər hərbi əməliyyatlar müstəvisinə keçib. Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib. Bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib. Həmin gündən bəri sözügedən bölgədə mütəmadi olaraq şiddətli döyüşlər gedir. Nəticədə Fələstinin dinc sakinləri həlak olurlar.

Xəbəri istədiklərinizlə paylaşın