Futbol üzrə Çili milli komandasının yarımmüdafiəçisi Çarlz Aranqis Almaniya Bundesliqasında mübarizə aparan “Bayer” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu Bundesliqa təmsilçisi ilə bu ilin yayında bitəcək müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etdirib.
Təcrübəli yarımmüdafiəçi bundan sonrakı karyerasını Braziliyanın “İnternasional” klubunda davam etdirəcək. O, köhnə-yeni klubu ilə 2025-ci lin 30 iyununa kimi anlaşıb.
Xatırladaq ki, Çarlz Aranqis 2015-ci ilin avqust ayında məhz “İnternasional”dan 13 milyon avro qarşılığında “Bayer”ə keçmişdi. O, Bundesliqa təmsilçisində 214 oyun keçirib, 17 qol və 28 məhsuldar ötürmə müəllifi olub.

Aranqis 2014-2015-ci illər aralığında formasını geyindiyi “İnternasional”da vaxtilə 36 oyun keçirib, 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində “Kobreloa”, “Kobresal”, “Kolo-Kolo”, “Kilmes”, “Udineze” kimi klubların da formasını geyinib. Yarımmüdafiəçi Çili milli komandasında da 97 oyun keçirib və 7 qol vurub.
Yeri gəlmişkən, bir neçə gün öncə Türkiyənin “Kayserispor” klubundan ayrılan Qustavo Kampanyaro da “İnternasional”a keçib. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Azad agent statusu daşıyan futbolçu yeni klubu ilə 2024-cü ilin 31 dekabrına kimi müqavilə bağlayıb.
Xatırladaq ki, Qustavo Kampanyaro 2020-ci ilin yanvar ayında Braziliyanın “Şapekoense” klubundan “Kayserispor”a transfer edilmişdi. 30 yaşlı yarımmüdafiəçi Super Liqa təmsilçisində 90 oyun keçirib, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Yuventude”, “Braqantino”, “Verona”, “Evian” və “Ludoqorets”də də forma geyinib.
