CAS Bəhlulun mübahisəli transferinə görə “Sabah”ı haqlı saydı

İdman Arbitraj Məhkəməsi (CAS) Bəhlul Mustafazadənin “Sabah”dan “Əl-Əyn”ə transferi ilə bağlı mübahisəli məsələyə dair qərarını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə “Sabah”ın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, CAS “Əl-Əyn”in şikayətini təmin etməyərək, FİFA-nın daha öncə “Sabah”ın xeyrinə qəbul etdiyi qərarı qüvvədə saxlayıb. Qərarda “Əl-Əyn” klubunun 2021-ci ildə bağlanmış müqaviləyə əsasən Bəhlul Mustafazadənin transferi üçün nəzərdə tutulmuş məbləği “Sabah”a ödəməli olması qeyd edilib.

Xatırladaq ki, Bəhlul Mustafazadə “Qəbələ”nin yetirməsidir. O, hələ bu klubda olarkən 2017/18 mövsümünü “Sumqayıt”da icarədə keçirib. 2019-cu ildən isə müdafiəçi “Sabah”ın uğurları üçün çalışırdı. Futbolçu 2021-ci ilin iyul ayında Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubuna keçmək üçün “Sabah”dan ayrılmışdı. Lakin sözügedən klub transferdən bir neçə gün sonra millimizin üzvünü heyətinə qatmaqdan boyun qaçırdığı üçün futbolçu özünə yeni klub axtarmaq məcburiyyətində qalmışdı. Nəticədə o, “Qarabağ”a keçmişdi. “Sabah” isə bu mübahisəli məsələ ilə bağlı FİFA-ya şikayət etmiş və dünya futbol qurumu Azərbaycan klubunu haqlı saymışdı.