İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Castin Kluyvert bundan sonra İngiltərənin “Bornmut” komandasında forma geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Bornmut” 24 yaşlı sol cinah vingerinin transferi üçün “Roma”ya 11,2 milyon avro ödəyəcək. Futbolçunun özü ilə müqavilə isə 5 illikdir. O, 2028-ci ilin 30 iyununa kimi İngiltərə klubuna məxsus olacaq.
Castin Kluyvert “Roma”ya 2018-ci ilin iyul ayında yetirməsi olduğu Niderland “Ayaks”ından 17,25 milyon avro qarşılığında transfer edilmişdi. Lakin o, “canavarlar”ın heyətində möhkəmlənə bilməyib. Niderlandlı vinger paytaxt klubunun forması ilə meydana çıxdığı 68 oyunda 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Sonuncu dəfə 2020-ci ilin oktyabrında “Roma”da oyun keçirmiş futbolçu o vaxtdan bəri “Leypsiq”, “Nitsa” və “Valensiya” kimi klublarda icarədə oynayıb.
Əfsanəvi Patrik Kluyvertin oğlu olan Castin Niderland milli komandasında da 2 oyun keçirib.
Yeri gəlmişkən, “Bornmut” qapıçısı Uill Dennisi də Şotlandiyanın “Kilmarnok” klubuna icarəyə verildiyini açıqlayıb. 22 yaşlı qolkiper qarşıdakı mövsümün sonunadək icarədə oynayacaq.
2016-cı ildən “Bornmut”da olan Uill Dennis bu klubun əsas komandasında cəmi 1 oyun keçirib. O, daha öncə “Gernsi”, “Ueymut”, “Uildston” və “Slau Taun” kimi klublarda da icarədə oynayıb.


