Cavid Qurbanov: “Klubları saxlayan sahibkarlara güzəştlər edilməlidir”

Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov Azərbaycan çempionatlarında yeni mövsümün açılış mərasimində iştirak edib. Arena.az xəbər verir ki, “Murov” klubunun idman zalında təşkil edilən tədbirdə çıxış edən federasiya rəhbəri iştirakçıları salamlayıb və yarışa qatılacaq komandalara uğurlar arzulayıb:

“Bu gün uzun fasilədən sonra Azərbaycan çempionatına start verdik. Bildiyiniz kimi, komanda idman növlərində çıxış etmək, komanda yaratmaq fərdi idman növlərindən daha çətindir. Ölkəmizdə fərdi idman növlərində daha çox inkişaf və qələbələr var. Amma onu qeyd etməliyəm ki, komanda idman növləri arasında voleybol bir növ bayraqdar olub. Klublarımız Avropa kuboklarını qazanıb, klublar arasında dünya çempionu olublar. Milli komandamız Avropa çempionatında 4-cü yeri tutub, 4 dəfə dünya çempionatda iştirak edib. Komanda idman növlərində komandanın oyununda bir nəfər səhv edirsə, bu, bütün kollektivin çıxışına təsir edir. Arzu edirəm ki, bizim komandalarımız hər zaman əsl komanda oyunu nümayiş etdirsinlər”.

Cavid Qurbanov Azərbaycan ordusunun 44 günlük zəfərindən və hazırkı quruculuq işlərindən də söz açıb: “Bu gün ölkəmizin inkişafı çox güclüdür. Düzdür, pandemiya bəzi çətinliklər yaratdı və hələ də tam olaraq pandemiya bitməyib. Bütün bunlara baxmayaraq, biz bir olaraq 44 günlük Vətən müharibəsində zəfər qazandıq. Bilidiyiniz kimi, quruculuq işləri artıq başlayıb və sürətlə yenidənqurma işləri aparılır”.

“Federasiya komanda saxlamalı deyil”

Cavid Qurbanov bu yaxınlarda yenidən federasiya prezidenti seçilməsinə də toxunub və qarşıda duran hədəflərdən söz açıb: “Məni yenidən prezident postuna layiq gördükləri üçün voleybol camiəsinə təşəkkür edirəm. Əlimdən gələni etməyə çalışacağam ki, voleybolumuzun inkişafı dayanmasın, ən önəmlisi öz əvvəlki nifuzunu qazansın.

Çalışmalıyıq ki, çempionatımızda çıxış edən komandaların sayını artıraq. Amma komanda sayının artırılması sahibkarların, univeristetlərin, məktəblərin əlindədir. Dünyanın istənilən ölkəsində əsas komandaları universitet komandaları təşkil edir. Federasiya komanda saxlamalı deyil. Biz yeni yaranmış klublara hər zaman dəstək verməyə hazırıq. Amma bunun üçün ilk növbədə federasiyaya müraciətlər olunmalıdır. Təəssüflər olsun ki, bizdə bu məsələlər fərqli formada qəbul olunur. Hamı deyir ki, komandanı federasiya saxlamalıdır. Ancaq bu belə deyil. Bizim işimiz klublara kömək etməkdən, icazələr almaqdan, dünyada qəbul olunmuş standartları onlara çatdırmaqdan ibarətdir. Hesab edirəm ki, qanunvericiliyə bu istiqamətdə lazımı qərarlar qəbul ediləcək. Klubları saxlayan sahibkarlara, universitet komandalarına müəyyən güzəştlər tətbiq ediləcək. Ölkə başçımız cənab İlham Əliyev hər zaman idmana və idmançılara diqqət və qayğı göstərib. İnanıram ki, bu istiqamətdə uğurlu işlər aparılacaq. Cənab Prezidentimiz axırıncı dəfə “Qarabağ” futbol klubunu qəbul edərkən də hiss etdik ki, bu məsələlərə yenidən baxılacaq”.