CBF prezidenti Robinyo və Alvesin həbsinə dair: “Bu, biabırçılıqdır”

Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodriges zorlama işi üzrə cəza çəkən braziliyalı futbol ulduzlarından danışıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, Rodriges Robinyo və Daniel Alvesin törətdiyi alçaq əməlləri pisləyib:

“Bu, Braziliya futbolunun ən çirkin fəsillərindən biridir. Futbolçunun idmanla əldə etdiklərinin onu hansısa cəzadan qoruyacağına inanaraq belə vəhşiliklərə yol verməsi utancvericidir.

Bu iki hadisə Braziliya millisinin ulduzları olmuş oyunçulara aiddir. Qurbanların cəsarətli münasibətinin getdikcə daha çox qadını belə vəhşilik qarşısında susmamağa ruhlandırması çox vacibdir”, deyə CBF prezidenti vurğulayıb.

Xatırladaq ki, Robinyo 9 il, Daniel Alves isə 4,5 il müddətinə azadlıqdan məhrum ediliblər.