Çeferin: “Ağır təqvimdən ən yüksək maaş alanlar şikayətlənir”

UEFA prezidenti Aleksander Çeferin bəzi futbolçu və məşqçilərin oyun təqviminin həddən artıq yüklənməsi ilə bağlı şikayətlərini cavablayıb.

Arena.az “Football Talk” dərgisinə istinadən, Avropa futbolunun başbiləninin bu barədə fikrini təqdim edir:

“Etiraf etməliyik ki, oyun təqvimi ağzınacan doludur. Amma əlavə etməliyəm ki, onun haqqında kimlər şikayət edirlər? Ən yüksək maaş alanlar, həmçinin sərəncamında 25 ən yaxşı oyunçu olan klublar. Daha az maaş alanlar və 11 futbolçudan ibarət heyətlər şikayətlənmirlər. Onlar meydana çıxmağı sevirlər”, deyə Çeferin vurğulayıb.

Vurğulayaq ki, UEFA başçısının bu fikri futbolun içində – meydanda olan futbolçuların və bu oyuna nəzarət edən məşqçilərin baxışı ilə ziddiyyət təşkil edir. Belə ki, futbolla birbaşa təmasda olan kəslərin narazılıq üçün öz əsasları var.

Xatırladaq ki, futbol dünyasının bir çox nüfuzlu nümayəndələri – oyunçular və məşqçilər futbol qurumları və təşkilatlarını ifrat sıx oyun təqvimi ilə bağlı fəsadı çözməyə səsləsələr də, səsləri eşidilməz qalır. Bu mənzərədə oyunluar yorğunluq, zədə, ardınca isə psixoliji tarazlığın itirilməsi kimi fəsadlar yaşayırlar. Şikayətçilər məhz bu fəsadların çözülməsi üçün çalışırlar. Son vaxtlar futbolçuların hətta tətil edə biləcəyi məsələsi bir həll olaraq ortaya çıxıb.