Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Konqresi Aleksander Çeferinin ilk prezidentlik müddətinin ləğvinə səs verib.
Arena.az məlumat verir ki, beləliklə, sloven icraçı 2027-ci ildə yenidən UEFA rəhbəri vəzifəsinə namizədliyini irəli sürə, ümumilikdə 15 il bu vəzifəni tuta biləcək.
Bu qərara yalnız İngiltərənin qarşı çıxdığı vurğulanır. Norveç, İslandiya və Ukrayna səsvermədə bitərəf qalıblar. Qalan assosiasiyalar isə müvafiq qərarı təsdiqləyiblər.
Lakin sloveniyalı futbol funksioneri növbəti seçkilərdə namizədliyini irəli sürməyəcəyini bəyan edib. O, bunu Fransanın paytaxtı Parisdə keçirilən qitə futbol qurumunun 48-ci Konqresində açıqlayıb. UEFA prezidentinin sözlərinə görə, 2027-ci ildə hazırkı işinə son qoyacaq:
“Koronavirus pandemiyasından, münaqişələrdən, Super Liqa kimi cəfəng layihələrdən, özü-özünü təyin edən əxlaqi avtoritetlərdən bezmişəm. Fırtınada gəmini yaxşı idarə etməyi bacaran kapitan olduğum üçün fəxr edə bilərəm. 6 ay əvvəl qərar verdim ki, növbəti seçkidə namizədliyimi irəli sürməyim. Səbəblər arasında təzə qana ehtiyac olması və ailəmə çox vaxt ayıra bilməməyim də var”.
Aleksander Çeferin 14 sentyabr 2016-cı ildə UEFA-nın 7-ci prezidenti seçilib. Sloven icraçı dərhal Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) vitse-prezidenti olub. 7 fevral 2019-cu ildə o, yeni müddətə yenidən qurumun prezienti seçilib, namizədliyi 55 mümkün səsdən 55-ni toplayıb. 2023-cü il aprelin 5-də UEFA-nın növbəti konqresində Çeferin alternativsiz əsasda 3-cü müddətə yenidən təşkilatın rəhbəri seçilib.