Çeferin: “Vinisiusa görə 1 milyard avroluq təzminat haqqı?”

UEFA prezidenti Aleksander Çeferin son vaxtlar böyük səs-küyə səbəb olmuş, Vinisius Juniorla bağlı xəbəri şərh edib.

Arena.az “Marca” nəşrinin “Delo” dərgisinə istinadı əsasında, Çeferinin, Səudiyyə Ərəbistanından braziliyalı ulduz müqabilində “Real”a 1 milyard avro məbləğində təzminat haqqı ödənilə biləcəyi ilə bağlı xəbərə münasibətini təqdim edir:

“Mən müvafiq məlumata elə, Çempionlar Liqasının Avropa hüdudlarından kənarda keçiriləcəyi kimi şayiələrə yanaşdığım kimi də münasibət bəsləyirəm. Bu xəbərlərin doğru olub-olmadığını bilmirəm. Bu, nəhəng məbləğdir, hansı ki, maliyyə əsasına malik deyil, amma qərar səudiyyə ərəblərinin olacaq, əlbəttə, əgər bu, doğrudursa”, deyə Çeferin bildirib.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.

Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 33 oyuna çıxıb, 17 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.

Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 298 oyun, 102 qol, 85 məhsuldar ötürmədən ibarətdir.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” 24 yaşlı braziliyalı vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.