Geridə qalan mövsüm bitən kimi “Bornmut”dan ayrılan kolumbiyalı yarımmüdafiəçi Cefferson Lerma “Kristal Pelas”a keçib.
Arena.az xəbər verir ki, bu barədə 28 yaşlı futbolçunun yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Tərəflər 3 illik müqaviləyə imza atıblar. “Bornmut”la müqaviləsinin müddəti bitən dayaq yarımmüdafiəçisi “Kristal Pelas”la azad agent kimi müqavilə bağlayıb.
Cefferson Lerma “Bornmut”a 2018-ci ilə İspaniyanın “Levante” klubundan 30,50 milyon avro qarşılığında keçmişdi. O, Premyer Liqa təmsilçisində 184 oyun keçirib, 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi daha öncə “Levante”dən başqa başqa “Atletiko” (Huila) klubunun da formasını geyinib. O, Kolumbiya yığmasında 35 oyun keçirib, 1 qol vurub.
“Kristal Pelas”da 3 ayrılıq, 3 yeni müqavilə
“Kristal Pelas” üç futbolçusu ilə də yollarını ayırıb. Söhbət qapıçı Cek Batlend, yarımmüdafiəçilər Luka Milivoyeviç və Ceyms Makarturdan gedir. Onların hər birinin klubla müqaviləsinin müddəti bitdiyi üçün azad agent kimi komandanı tərk ediblər. Milivoyeviçlə Makarturun gələcək aqibəti bilinməsə də, Batlend Şotlandiyanın “Reyncers” klubu ilə müqavilə bağlayıb.
Cek Batlend 2020-ci ildən formasını geyindiyi “Kristal Pelas”da cəmi 17 matça çıxıb. 30 yaşlı ingilis qapıçı “Stok Siti”, “Birmingem Siti”, “Çeltnem Taun”, “Lids”, “Barnsli”, “Derbi Kaunti” kimi klubların da formasını geyinib. O, İngiltərə yığmasında da 9 oyun keçirib.

Luka Milivoyeviç 2017-ci ilin yanvarından bu klubun uğurları üçün çalışırdı. Serbiyadan olan 32 yaşlı futbolçu bu komandada 198 oyun keçirib, 29 qol və 6 assistlə yadda qalıb. O, daha öncə “Olimpiakos”, “Rad”, “Srvena Zvezda” və “Anderlext”də də oynayıb. Mərkəz müdafiəçisi Serbiya millisində 39 oyuna 1 qolla yadda qalıb.

Ceyms Makartur isə 2014-cü ildən “Kristal Pelas”daydı. 35 yaşlı şotland bu komandada 253 matç keçirib, 19 qol, 23 assist müəllifi olub. “Uiqan” və “Hamilton”da da oynamış təcrübəli yarımmüdafiəçi Şotlandiya yığmasında 32 oyun keçirib, 4 qol vurub.

“Kristal Pelas” Vilfrid Zaha və Natan Ferqyusonla da müqavilənin müddətinin bitmək üzrə olduğunu, amma onlara yeni sözləşmə təklif olunduğunu açıqlayıb. Danışıqların yekunundan asılı olaraq müvafiq qərar bəyan olunacaq.
Nataniel Klayn, Ceyms Tomkins və Joel Uord isə klubla yeni müqaviləyə imza atıblar. Hər üç futbolçu yeni müqaviləyə əsasən 2024-cü ilin yayına kimi bu komandada oynamağa davam edəcək.
Joel Uord 2012-ci ildən “Kristal Pelas”da çıxış edir. Sağ cinah müdafiəçisi olan 33 yaşlı ingilis bu komandada 335 oyun keçirib, 6 qol və 10 assistlə yadda qalıb.

Nataniel Klayn da sağ cinah müdafiəçisidir və 2020-ci ildə “Liverpul”dan “Kristal Pelas”a gəlib. 32 yaşlı ingilis bu komandada 196 matça çıxıb, 1 qol və 9 assist edib.
Ceyms Tomkins 2016-cı ildən “Kristal Pelas”ın uğurları üçün çalışır. 34 yaşlı ingilis müdafiəçi indiyə qədər 131 matça çıxdığı bu komanda ilə 10 qol, 2 assist sevinci yaşayıb.



