“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş UEFA Çempionlar Liqasının yarımfinalında “Real”a qarşı keçirdikləri cavab oyununu şərh edib. Arena.az xəbər verir ki, o, 4:0 hesabıyla (ilk oyun 1:1) qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Sadəcə, inanılmaz hisslər var. Bu anı yaşamaq çox xoşdur. İlk oyundan sonra bu uğuru gözləyirdim. “Real” belə hesabla məğlub etmək hər komandaya nəsib olmur. Biz komanda oyunu sərgiləyəndə sadəcə, qarşımızda dayanmaq mümkün deyil. Xüsusilə də doğma meydanda…
Hər matçda “ilk nömrə” kimi oynamağa çalışırıq. Bizim əla məşqçimiz var. Əminəm ki, o, bizə finalda “İnter”i də necə məğlub edəcəyimizi göstərəcək. Çətin matç olacaq. Onların təcrübəli komandası var. Finala çıxan komanda pis ola bilməz. Amma biz də finalın haqqını verməliyik”.
“Mançester Siti”nin müdafiəçisi Kayl Uoker də möhtəşəm qələbə barədə fikirlərini bölüşüb:
“Danışmaq çətindir. Bəzən emosiyalar buna imkan vermir. İlk hissədə oyuna nəzarət etdik, uşaqlar yaxşı mübarizə apardılar. İkinci hissədə biz üstünlüyü bir qədər rəqibə verdik. Bu baş verməməli idi. Amma əsas odur ki, finala çıxmağı bacardıq”.
Xatırladaq ki, “Mançester Siti” ötən mövsüm yarımfinalda məhz “Real”la qarşılaşmış və böyük üstünlüyü əldən vermişdi. Belə ki, doğma meydanda 4:3 hesabıyla qalib gəlmiş ingilislər səfərdə də 1:0 öndə olmaqlarına baxmayaraq, 90-cı dəqiqədən sonra 3 qol buraxmaqla 1:3 hesablı məğlubiyyətə üzülmüş və finala çıxa bilməmişdilər.
“Mançester Siti”ni bu mövsüm Çempionlar Liqasının finalında İtaliyanın “İnter” komandası ilə oyun gözləyir. Həlledici qarşılaşma iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.