Futbol üzrə İngiltərə millisinin və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Cek Uilşir yenə klubsuz qalıb. Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu Danimarkanın “Orhus” klubundan ayrılıb.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Futbolçuya xidmətlərinə görə təşəkkür edən klub, ona gələcək karyerasında uğurlar arzulayıb.
Uilşir bu ilin fevralından “Orhus”un uğurları üçün çalışırdı. O, həmin vaxt azad agent statusu ilə bu kluba keçmişdi. Cekə yeni müqavilə təklif olunsa da, o, bu təklifi qəbul etməyib və azad agent kimi yeni klub axtarışına çıxıb.
“Arsenal”ın yetirməsi olan Uilşir, 2008-2018-ci illər aralığında məhz London klubunun uğurları üçün çalışıb. O, “Bolton”, “Bornmut” və “Vest Hem” komandalarının da formasını geyinib.
Cek Uilşir İngiltərə yığmasında 34 oyunda 2 qol vurub.


