“Çelsi” 30 milyon funt-sterlinqdən imtina etdi

Çelsi” mərkəz müdafiəçisi Levi Koluill üçün “Brayton”un 30 milyon funt-sterlinq (37,5 milyon dollar) məbləğində təklifini rədd edib.

Arena.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat verib.

20 yaşlı futbolçunun “zadəganlar”la müqaviləsi 2026-cı ildə başa çatacaq. Müqavilənin daha bir mövsümə uzadılması ehtimalı Koluillin müəyyən sayda oyun keçirib-keçitməməsindən asılıdır.
London klubunun rəhbərliyinə oyunçularını satması lazım olsa da, onlar gənc Koluill üçün istisna edərək, müdafiəçini Maurisio Poçettinonun əsas komandasında saxlamaq istəyirlər. Koluill ötən mövsümü icarə əsasında “Brayton”da keçirib və 24 oyunda meydana çıxaraq 3 məhsuldar ötürmə ilə fərqlənib.

Bu arada, “Çelsi” də rəqib düşərgədə gözaltı edib. Londonlular “Brayton”un ekvadorlu yarımmüdafiəçisi Moyses Kaysedo ilə maraqlanırlar.

Eyni zamanda, “zadəganlar” yarımmüdafiəçisi Mateo Kovaçiçə “Mançester Siti” ilə danışıqlar aparmağa icazə veriblər.

Meyson Maunt isə klubların transfer məbləğində müəyyən nəticəyə gəlmədiyinə baxmayaraq, “Mançester Yunayted”lə müqavilənin şərtlərini artıq razılaşdırıb.

Bundan əlavə, “Milan” Ruben Loftus-Çiklə maraqlanır.

“Çelsi” həmçinin Konor Qallaxer və Kallum Hadson-Odoi ilə yollarını ayıra bilər.

Xatırladaq ki, “zadəganlar” İngiltərə Premyer Liqasının ötən mövsümünü 12-ci pillədə başa vurub.