“Çelsi” 40 milyona aldığı Bakayoko ilə müqaviləyə xitam verdi

İngiltərə Premyer Liqasında yeni mövsümə hazırlaşan “Çelsi” yarımmüdafiəçisi Tyemue Bakayoko ilə yollarını ayırmağa qərar verib.

Arena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 28 yaşlı futbolçu ilə müqaviləyə xitam verilib. Onun bu klubla müqaviləsinin müddəti 2024-cü ilin yayında bitməli idi.

Xatırladaq ki, Tyemue Bakayoko 2017-ci ilin iyul ayında “Monako”dan 40 milyon avro qarşılığında “Çelsi”yə transfer olunmuşdu. Amma fransız futbolçu bu komandada demək olar ki, əsas heyət üzvünə çevrilə bilməyib. “Zadəganlar”ın heyətində cəmi 43 matça çıxmış futbolçu 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Bakayoko 2018/2019 mövsümünü “Milan”da, 2019/2020 mövsümünü “Monako”da, 2020/2021 mövsümünü “Napoli”də icarədə keçirib. 2021-ci ildən isə o, yenə “Milan”da icarədə idi. Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış, əsas millidə 1 oyun keçirmiş Bakayoko, daha öncə yetirməsi olduğu “Renn”də də çıxış edib.