“Çelsi” ekvadorlu yeniyetmə yarımmüdafiəçi ilə anlaşdı

İngiltərənin “Çelsi” klubu Ekvadordan olan 16 yaşlı yarımmüdafiəçi Kendri Paesi heyətinə qatıb. Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

O, “zadəganlar”a 18 yaşı tamam olduqdan sonra qoşulacaq.

Paes Ekvadorun “İndependyente del Valye” komandasında çıxış edir. Yarımmüdafiəçi Argentinada keçirilən gənclər arasında dünya çempionatında Ekvadorun 20 yaşadək futbolçulardan ibarət yığmasında yer alıb. Paesin komandası səkkizdəbir finala yüksəlib, futbolçu özü isə yığmanın 4 oyununda iştirak edib, 1 qol vurub.

“İndependyente”nin böyüklər komandasında Paes 6 oyun keçirərək 1 qola imza atıb. 13 oyundan sonra “İndependyente” 2023-cü il mövsümünün Ekvador çempionatında liderdir. Komanda həmçinin Libertadores Kubokunda da iştirak edir.

Paes 2025/2026 mövsümünün startı ərəfəsində “Çelsi”yə keçəcək.

Xatırladaq ki, daha əvvəl argentinalı mütəxəssis Maurisio Poçettinonun “zadəganlar”ın yeni baş məşqçisi təyin olunduğu açıqlanmışdı.