“Çelsi” “zadəganlar”ın argentinalı yarımmüdafiəçisi Entso Fernandesi irqi məzmunlu nəğməyə görə cəzalandırmayacaq.
Arena.az bu barədə “Sport.es” dərgisinə istinadən məlumat verir.
Söhbət Argentina yığmasının Amerika Kubokunda qalibiyyətindən sonra komandanın avtobusunda zəfər şənliyi zamanı Fernandesin açdığı canlı yayımda, argentinalı futbolçuların fransız futbolçuların ünvanı oxuduğu irqi zəmində təhqirlə müşayiət edilən nəğmədən və “qəhrəman”ın bu məclisdə həvsələ iştirakından gedir.
Bildirilir ki, “Çelsi”nin fransalı futbolçuları argentinalı yarımmüdafiəçinin yol verdiyi qələtə görə onlardan üzrxahlığını qəbul ediblər.
“Çelsi”nin fransalı futbolçularının Entso Fernandesi bağışladığı üçün London klubunun rəhbərliyi də yarımmüdafiəçini cəzalandırmamaq qərarına gəlib.
Daha əvvəl, argentinalı futbolçunun “zadəganlar”ın mövsümöncəsi təlim-məşq toplanışı keçirdiyi ABŞ-a gəldikdən sonra, komanda yoldaşlarından bağışlanmasını rica etməsi barədə məlumat yayılıb.
Entso Fernandes Argentinanın “River Pleyt” klubunun yetirməsidir. Bir müddət “Defensa”da icarə keçmiş Fernandesi “River Pleyt” “Benfika”ya satıb. 2023-cü ilin yanvarın 31-də isə “Çelsi” Fernandesi 121 milyon avro müqabilində “Benfika”dan öz düşərgəsinə qatıb. Argentinalı futbolçunun London klubu ilə müqaviləsi 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ötən mövsüm Fernandes “zadəganlar”ın heyətində 40 oyuna çıxıb, 7 qol vurub, 3 məhsuldar ötürmə verib. Onun “Çelsi” karyerası bütövlükdə 62 oyun, 7 qol və 5 assistdən ibarətdir.
Entso Fernandes 2022-ci ilin sentyabrında debüt etdiyi Argentina yığmasının heyətində 28 oyuna 4 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib. Yarımmüdafiəçi Argentina yığması ilə 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2024-cü ildə Amerika Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı argentinalı yarımmüdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.