“Çelsi” “Midlsbro”ya məğlubiyyətdən sonra azarkeşlərə səsləndi

“Çelsi” İngiltərə Liqa Kuboku ilk yarımfinal oyununda “Midlsbro”ya 0:1 hesabı ilə məğlubiyyətdən sonra komanda azarkeşlərinə müraciət edib.

Arena.az bu barədə London klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Evdə və ya səfərdə həmişə bizimlə olduğunuzu hiss edirik. Sizə daimi dəstəyinizə görə minnətdarıq”, – klubun müraciətində deyilir.

Vurğulanır ki, çətin idmani və iqtisadi dövrünü yaşayan “zadəganlar”ın rəhbərliyi zəfərlərlə yanaşı, komandanın daim layiqli çıxışına öyrəşmiş klub azarkeşlərin komandadan üz çevirməsindən ehtiyat edir. Belə ki, son dövrlərdə komandanın simasız oyunu mənzərəsində klub rəhbərliyinə qarşı azarkeşlərin sosial şəbəkədə açıq narazılıqları baş alıb gedir. Komandanın aşkar uğursuzluqları mənzərəsində “mavilər”in rəhbərliyi azarkeşlərin etimadını itirməkdən ehtiyatlanır.

Vurğulayaq ki, “Midlsbro” 2006-cı ildən bəri ilk dəfə “Çelsi”yə qol vurmağı bacarıb. “Quru silsilə”nin bütün oyunlarının cəmi 14 saat 6 dəqiqə oyun vaxtına bərabərdir. “Midlsbro”nun yeganə qolunu ingiltərəli vinger İsayya Consun məhsuldar ötürməsi ilə 37-ci dəqiqədə 21 yaşlı dayaq yarımmüdafiəçisi Heyden Ris Hakni vurub.

Digər əlamətdar məqam isə London klubunun 2015-ci ildən bəri kubok oyunlarında ilk dəfə Premyer Liqa təmsilçisi olmayan komandaya məğlub olmasıdır. O vaxtdan “zadəganlar” 28 belə rəqibə qarşı oynayıblar.

“Çelsi” cavab oyununda “Midlsbro”nu yanvarın 23-də qəbul edəcək. Oyun Bakı vaxtı ilə yanvarın 24-də saat 00:00-da başlayacaq. Yarımfinalın digər oyununda “Liverpul” və “Fulhem” finalçını müəyyən edəcəklər.