“Çelsi” N’qolo Kantedən əlini üzüb

İngiltərənin “Çelsi” klubu yarımmüdafiəçisi N’qolo Kante ilə müqavilənin yenilənməsi yönündə aparılan danışıqları dayandırıb.

Arena.az insayder Fabrisio Romanonun “Twitter” hesabına istinadən xəbər verir ki, yarımmüdafiəçinin növbəti dəfə zədələnməsi ilə “zadəganlar”ın onunla və təmsilçiləri ilə müqaviləni yeniləmək haqda danışıqlarda fəallığı azalıb.

Buna rəğmən, son aylarda danışıqlar çox uzağa getmişdi. Hazırda isə 32 yaşlı futbolçunun müqaviləsi ilə bağlı yaranmış vəziyyət yenə də qeyri-müəyyəndir.

Həmçinin bir neçə klubun Kante ilə maraqlandığı və yarımmüdafiəçini ödənişsiz əsasda heyətinə qatmaq istəyində olması səbəbilə yaranmış vəziyyəti izlədiyi haqda məlumat yayılıb. Bu klubların arasında yalnız Avropa komandaları deyil, Səudiyyə Ərəbistanı təmsilçiləri də var.

Cari mövsümdə Kante “Çelsi”nin heyətində 9 oyun keçirib və 1 məhsuldar ötürmə ilə fərqlənib. Yarımmüdafiəçi dizaltı vətərlərin zədələnməsi səbəbilə yarım il müddətində yaşıl meydanlardan kənarda qalmışdı.

Fransız yarımmüdafiəçinin klubla müqaviləsi cari ilin iyun ayında bitəcək. “Transfermarkt” internet-portalı futbolçunu 20 milyon avro məbləğində qiymətləndirir.

Bir qədər əvvəl Kantenin yenə də zədələnməsi haqda KİV-də məlumat yayılıb.