“Çelsi” Ona(na) görə Lukaku ilə Kulibalini “qurban verir”

İngiltərə Premyer Liqasında uğursuz mövsüm keçirmiş “Çelsi” Milan “İnter”inin kamerunlu qapıçısı Andre Onana ilə maraqlanır.

Arena.az xəbər “The Sun”a istinadən xəbər verir ki, “zadəganlar” kamerunlu qapıçının əvəzində iki oyunçusunu təklif etməyə hazırdırlar.

Mənbənin məlumatına görə, Onananın transferində “Çelsi”nin yeni baş məşqçisi Maurisio Poçettino şəxsən maraqlıdır. 27 kamerunlu qapıçını heyətinə qatmaq üçün “zadəganlar” əvəzində hücumçu Romelu Lukaku və müdafiəçi Xalidu Kulibalini verməyə hazırdırlar.

Xatırladaq ki, hazırda Lukaku “İnter”də icarə əsasında çıxış edir və Premyer Liqaya da qayıtmaq istəmir. Həmçinin, milanlılar “Napoli”dən sonra İngiltərədə oyununu tapa bilməyən Kulibalini çoxdandır diqqətdə saxlayırlar. “Çelsi” bu fürsətdən yararlanmaq, Onananı transfer etmək niyyətindədir.

2022/2023 mövsümündə Onana “İnter”in heyətində 41 oyuna çıxıb. O, bu oyunlarda 36 qol buraxıb, 19 oyunda qapısının toxunulmazlığını qorumağı bacarıb.

Onananın “İnter”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-partalı Onananı 20 milyon avro məbləğində qiymətləndirir.

Qapıçı geridə qalmış mövsümdə İtaliya Kuboku və Super Kubokunu, A Seriyası və Çempionlar Liqasının “gümüş”ünü qazanıb.