“Çelsi” “Real”ın transfer rekordunu qırmaq niyyətindədir

İngiltərənin “Çelsi” klubu Madrid “Real”ının braziliyalı yarımmüdafiəçisi Vinisius Junior ilə müqavilə bağlamağa israrlıdır.

Arena.az “El Nacional”a istinadən xəbər verir ki, “zadəganlar” bu istiqamətdə mümkün variantları nəzərdən keçirirlər.

22 yaşlı braziliyalı ulduzu sıralarına qatmaq üçün London klubu 150 milyon avrosundan keçməyə hazırdır.

Bu transfer gerçəkləşərsə, bu, “Real”ın tarixində rekord satış göstəricisi kimi əlamətdar olacaq. 2018-ci ildə Kristiano Ronaldonun “Yuventus”a keçidi üçün turinlilər madridlilərə 100 milyon avro ödəmişdilər. 70 milyon avronu isə “Real” 2021-ci ilin yayında Varanın “Mançester Yunayted”ə keçidi müqabilində əldə etmişdi.

Xatırladaq ki, Vinisius Junior İspaniya La Liqasının “Valensiya”ya qarşı “Mestalya”da keçirilmiş səfər oyununda irqi təhqirlərə məruz qalımışdı. Bu irqi təhqir hadisəsi qalmaqal səviyyəsinə çatmışdı və hazırda da səs-küy azalmayıb. Məhz İngiltərədə adıçəkilən problem daha ciddi nəzarət və həll mexanizmləri ilə tənzimlənir. O səbəbdən Vinisiusun Premyer Liqaya keçidi ehtimalı istisna edilmir.

Vurğulayaq ki, irqçiliyə qarşı İngiltərədə aparılan işləri və bu işlərin keyfiyyətini bir çox futbol mütəxəssisləri xüsusilə qeyd ediblər. Onların arasında “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola da var.