“Çelsi” Sesar Aspilikueta ilə müqaviləyə xitam verdi

“Çelsi” ispan müdafiəçisi Sesar Aspilikueta və onun nümayəndələri ilə futbolçunun müqaviləsinə vaxtından əvvəl xitam verməyə razılaşıb.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, yaxın vaxtlarda “İnter” Aspilikuetanın transferi ilə bağlı rəsmi açıqlama verəcək. 33 yaşlı ispan müdafiəçinin “İnter”lə 2 illik müqavilə imzalayacağı deyilir.

2022/2023 mövsümündə Aspilikueta “Çelsi”nin heyətində 32 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Sesar Aspilikueta 2012-ci ildən “Çelsi”də çıxış edir. Futbolçunun “zadəganlar”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Aspilikuetanı 5 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl Aspilikuetanın “İnter”lə müqaviləsinin şəxsi şərtlərini razılaşdıra bildiyi haqda məlumat yayılmışdı.