İngiltərənin “Çelsi” komandasının yeni baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, London təmsilçisini bundan sonra Qrem Potter çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərədən olan 47 yaşlı mütəxəssislə 5 illik müqavilə imzalanıb.
O, bu postda ötən gün istefaya göndərilmiş Tomas Tuxeli əvəz edib. Buna sözügedən komandanın UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Xorvatiyada Zaqreb “Dinamo”suna 0:1 hesablı məğlubiyyəti səbəb olub. Komanda İngiltərə Premyer Liqasında da yeni mövsüməuğurlu başlamayıb. Keçirdiyi 6 oyundan ikisində uduzub, birində heç-heçə edən London klubu, cəmi 3 qələbə qazanıb və 10 xalla 6-cı pillədə qərarlaşıb. Halbuki, paytaxt təmsilçisi bu yay transferlərə kifayət qədər ciddi vəsait xərcləyib.
Tomas Tuxel 2021-ci ilin yanvar ayından “Çelsi”yə rəhbərlik edirdi. O, həmin il “zadəganlar”a UEFA Çempionlar Liqasını qazandırıb. Almaniyadan olan 49 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 100 matça çıxarıb. Londonlular bu görüşlərdə 60 qələbə qazanıb, 24 heç-heçə ediblər, 16 matçda isə məğlubiyyət qeydə alınıb.
Qeyd edək ki, Qrem Potter 2019-cu ilin mayından “Brayton”a rəhbərlik edirdi. “Çelsi”dən gələn təklifə görə o, bu gün sözügedən klubdan ayrılıb. Klub onun gedişindən sonra komandaya müvəqqəti olaraq U-21-in baş məşqçisi Endryu Kroftsun rəhbərlik edəcəyini açıqlayıb. Potter “Brayton”u bütövlükdə 135 matça çıxarıb. Komanda bu matçlarda 42 qələbə qazanıb, 46 heç-heçə edib, 47 məğlubiyyətə üzülüb. O, daha öncə “Suonsi Siti” və “Östersund” komandalarına da rəhbərlik edib.