“Çelsi” və “Mançester Siti” maliyyə feyr-pleyini pozmaqda təqsirli bilinsələr, İngiltərə Premyer Liqasından xaric ediləcəklər.
Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumarına görə, müstəqil komissiya 2024-cü ilin payızında “Çelsi”nin işini araşdırmağa başlayacaq. Hələlik “zadəganlar”a qarşı ittiham irəli sürülməyib. Amma ötən yay Roman Abramoviçin rəhbərliyi altında törədilmiş maliyyə pozuntuları aşkarlanıb. Bu zaman agentlərə ödənişlər klub tərəfindən qeydə alınmamış hesablardan edilib.
“Mançester Siti”yə gəlincə, hələ 2023-cü ilin fevralında “şəhərlilər”ə maliyyə feyr-pleyi qaydalarını pozmaqda 115 ittiham irəli sürülüb.
Qanun pozuntularının miqyasını nəzərə alaraq, klublar təqsirləri sübuta yetirilərsə, Premyer Liqadan kənarlaşdırılma kimi sanksiyayaməruz qala bilərlər.
Xatırladaq ki, daha əvvəl Premyer Liqanın maliyyə qaydalarını pozduğuna görə “Nottingem Forest” Premyer Liqanın yarış cədvəlində 4 xalından məhrum edilmişdi. “Meşəçilər”ə qədər isə “Everton” eyni səbəblə 10 xalından məhrum edilmiş, amma şikayətlə müraciət edərək, 4 xalını geri qaytarmağa müvəffəq olmuşdu.