“Çelsi”də “böyük köç” – 15-ə yaxın futbolçu göndərilir

London nəhəngi “Çelsi”də yeni təyin edilmiş baş məşqçi Maurisio Poçettinonun gəlişi ilə heyətdə islahatlara başlanılıb.

Arena.azDaily Mail”ə istnadən xəbər verir ki, Poçettinonun göstərişi ilə klub 30-dan çox futbolçudan ibarət komanda heyətini ixtisar etmək niyyətindədir.

Yay transfer pəncərəsində 10-15 futbolçunun heyəti tərk edəcəyi ehtimalı var.

Pyer-Emerik Obameyanq, Hakim Ziyeş, Kristian Pulişiç, Eduar Mendi və Kallum Hadson-Odoi komandanı tərk edəcək futbolçular siyahısındadır.

Kalidu Kulibali, Sesar Aspilikueta və Nqolo Kantenin gələcəyi “yağlı sual” altındadır.

Mateo Kovaçiç, Konor Qallaxer, Trevo Çalobe və Ruben Loftus-Çikə digər klublar maraq göstərirlər. Meyson Maunt isə İngiltərə nəhənglərinin hədəfindədir. Onunla “Mançester Yunayted”, “Liverpul” və “Arsenal” maraqlanır. Baş məşqçi Poçettino isə Mauntun “zadəganlar”la qalmasını istəyir.

Bu futbolçulara “Çelsi” 300 milyon avro pul xərcləyib. Hazırda klub onların transferindən 325 milyon avro gəlir əldə etmək haqda düşünür.

Obameyanq və Kante klubu azad agent kimi tərk edə bilərlər. Kulibalinin isə icarəyə veriləcəyi gözlənilir.

Bundan başqa, “zadəganlar”ın 20-yə yaxın futbolçusu müxtəlif klublarda icarə əsasında çıxış edir. Londonlular bu futbolçulardan bəzilərini də ixtisar etmək fikrindədirlər. Bu məqsədlə klub qarşıdakı yay transfer pəncərəsində tam müqaviləni icarədən üstün tutacaq.

Xatırladaq ki, “Çelsi” Joao Feliks və Denis Zakariya ilə artıq vidalaşıb. Mövsüm bitən kimi adıçəkilən futbolçular müvafiq olaraq Madrid “Atletiko”su və “Yuventus”a qayıdacaqlar.

Vurğulayaq ki, “Çelsi” çətin dövrünü yaşayır. Komanda Premyer Liqada 12-ci yeri tutmaqla avrokuboklardan kənarda qalıb. Bununla yanaşı, klub rəhbərliyi baş məşqçi dəyişikliyi etməklə və yeni strateji planlar işləyib hazırlamaqla komandanı düşdüyü çətin vəziyyətdən çıxarmağa ümidlidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: