“Çelsi”nin iki məşqçisi İngiltərə yığmasına gedir

“Çelsi”nin məşqçilər qərargahının bəzi üzvləri “zadəganlar”ın düşərgəsini tərk edərək, İngiltərə yığmasının qərargahına qoşulacaqlar.

Arena.az ESPN şəbəkəsinə istinadən məlumat verir ki, İngiltərə Futbol Assosiasiyası (The FA) London klubunun səmərəliliyin təhlili şöbəsinin rəhbəri Ceyms Melburnu İngiltərə yığmasının qərargahına dəvət etmək məqsədi ilə “Çelsi” ilə əlaqə saxlayıb.

Mənbənin məlumatına görə, Melburndan əlavə, İngiltərə yığmasının yeni baş məşqçisi Tomas Tuxel “zadəganlar”ın qapıçılar üzrə məşqçisi Hilarionun (Hilario) da xidmətində maraqlıdır.

Xatırladaq ki, alman mütəxəssis 2021-2022-ci illərdə “Çelsi”nin baş məşqçisi vəzifəsində çalışıb. Tuxelin rəhbərliyi altında “zadəganlar” UEFA Çempionlar Liqasının qalibi olublar.

Tomas Tuxel yeni ildən, yanvar ayından İngiltərə yığmasını çalışdıracaq. Alman mütəxəssislə müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.