Çempionlar Liqasında 1/4 final məhsuldar heç-heçələrlə başladı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2023/2024 mövsümünün 1/4 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turnirin favoritləri hesab olunan “Real”la “Mançester Siti” Madrid təmsilçisinin meydanında üz-üzə gəliblər. İspaniya nəhəngi ÇL tarixinin ən titullu komandasıdırsa, “şəhərlilər” son çempiondur. Bu komandaların duelində məhsuldar heç-heçə qeydə alınıb. Tərəflər hərəyə 3 qol vursalar da, qalibi müəyyənləşdirə bilməyiblər.

Digər qarşılaşma Londonda baş tutub. Burada “Arsenal” Almaniya nəhəngi “Bayern”i qəbul edib. Münhen klubu favorit sayılsa da, son vaxtlar yaxşı formada olmaması Premyer Liqanın liderini qələbəyə ümidləndirirdi. Amma dörd qolluq bu görüşdə də qalib müəyyənləşməyib. Bütün suallara Münhendə baş tutacaq cavab görüşündə aydınlıq gələcək.

Bu mərhələnin “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) və PSJ (Fransa) – “Barselona” (İspaniya) oyunları aprelin 10-da keçiriləcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçları aprelin 16-da və 17-də təşkil olunacaq.

UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
9 aprel

“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) 3:3
Qollar: R.Dias, 12-öz qapısına. Rodriqo, 14. Valverde, 79 – B.Silva, 2. Foden, 66. Qvardiol, 71.
Baş hakim: Fransua Letexye (Fransa).
Madrid, “Santyaqo Bernabeu” stadionu.

“Arsenal” (İngiltərə) – “Bayern” (Almaniya) 2:2
Qollar: Saka, 12. Trossar, 76 – Qnabri, 18. Keyn, 32-pen.
Baş hakim: Qlenn Nuberq (İsveç).
London, “Arsenal” stadionu.