Çempionlar Liqasında 1/8 finalın püşkü təkrar atıldı

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü yenidən atılıb. Arena.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub.

Saat 15:00-da təşkil olunmuş ilk püşkatmanın nəticələri etibarsız hesab olunduğundan, mərasim 18:00-da yenidən keçirilib. Buna əvvəlki mərasim zamanı texniki problemlər səbəbindən ciddi xətaya yol verilməsi səbəb göstərilib.

Püşkatmada qrup mərhələsini adlamış 16 komanda iştirak edib. Qrup qalibləri “səpələnmişlər”, ikinci yerin sahibləri “səpələnməmişlər” səbətində qərarlaşıb. “Səpələnməmişlər” qrupunda yer alan komandalar ilk matçlarını səfərdə keçirəcəklər. Eyni qrupda oynamış, eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzdilər.

Maraqlıdır ki, ilk püşklə müqayisədə əksər cütlər dəyişib. Yalnız “Çelsi” və “Lill” ikinci püşkatmada da bir-birinə rəqib olub.

1/8 finalın ilk görüşləri 2022-ci il 15-16 və 22-23 fevralda, cavab qarşılaşmaları 8-9 və 15-16 martda oynanılacaq.

UEFA Çempionlar Liqası
1/8 final

Zalsburq (Avstriya) – Bayern (Almaniya)
Sportinq (Portuqaliya) – Mançester Siti (İngiltərə)
Benfika (Portuqaliya) – Ayaks (Niderland)
Çelsi (İngiltərə) – Lill (Fransa)
Atletiko (İspaniya) – Mançester Yunayted (İngiltərə)
Vilyarreal (İspaniya) – Yuventus (İtaliya)
İnter (İtaliya) – Liverpul (İngiltərə)
PSJ (Fransa) – Real (İspaniya)

Sonda maraq üçün etibarsız hesab edilən ilk püşkün nəticəsini də diqqətinizə çatdırırıq:

Benfika (Portuqaliya) – Real (İspaniya)
Vilyarreal (İspaniya) – Mançester Siti (İngiltərə)
Atletiko (İspaniya) – Bayern (Almaniya)
Zalsburq (Avstriya) – Liverpul (İngiltərə)
İnter (İtaliya) – Ayaks (Niderland)
Sportinq (Portuqaliya) – Yuventus (İtaliya)
PSJ (Fransa) – Mançester Yunayted (İngiltərə)
Çelsi (İngiltərə) – Lill (Fransa)