Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final, yarımfinal və final mərhələlərinin püşkatma mərasimi keçirilib. Arena.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutan mövsümün son püşkatma mərasiminə Bakı vaxtı ilə saat 15:00-da start verilib.
Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə “kor püşk”dən istifadə olunub. Yəni mübarizəni davam etdirən 8 komandanın hər biri istənilən kluba rəqib ola bilərdi.
Bu gün 1/4 finaldakı cütlüklərlə yanaşı, yarımfinalın potensial cütlükləri və finalın mümkün “ev sahibi” də müəyyənləşib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 mayda oynanılacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı “Atatürk Olimpiya Stadionu”nda baş tutacaq.
Püşkatmanın nəticələri belə olub:
1/4 final
- “Real” (İspaniya) – “Çelsi” (İngiltərə)
- “Benfika” (Portuqaliya) – “İnter” (İtaliya)
- “Mançester Siti” (İngiltərə) – “Bayern” (Almaniya)
- “Milan” (İtaliya) – “Napoli” (İtaliya)
Yarımfinal
- “Milan”/“Napoli” – “Benfika”/“İnter”
- “Real”/“Çelsi” – “Mançester Siti”/“Bayern”
Final
2-ci yarımfinal cütünün qalibi – 1-ci yarımfinal cütünün qalibi


