Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
İlk oyun gününün ən prinsipial matçı İngiltərədə yerli “Çelsi” komandası ilə Dortmund “Borussiya”sı (Almaniya) arasında olub. Dortmunddakı ilk oyunda meydan sahibləri tək qolla qələbə qazanmışdılar. Cavab görüşündə isə London təmsilçisi əzmkarlıq nümayiş etdirib. Bu oyunda meydan sahibləri iki cavabsız qolla qalib gəliblər. Nəticədə 1/4 finala yüksələn tərəf “zadəganlar” olub.
Günün digər qarşılaşmasında isə “Benfika” Portuqaliyada Belçika “Brügge”si ilə münasibətlərinə aydınlıq gətirib. İlk görüşdə Lissabon təmsilçisi rəqibini 2 cavabsız qolla məğlub etmişdi. Cavab görüşü daha məhsuldar alınıb. Belə ki, 6 qolluq qarşılaşmada rəqibini darmadağın edən Portuqaliya təmsilçisi sürprizə imkan verməyib və növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin qalan cavab oyunları martın 8-də, 14-də və 15-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
7 mart
“Çelsi” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) 2:0
Qollar: Rahim Sterlinq, 43. Kay Haverts, 53-pen.
Baş hakim: Denni Makkeli (Niderland).
İlk oyun – 0:1.
London, “Stemford Bric” stadionu.
“Benfika” (Portuqaliya) – “Brügge” (Belçika) 5:1
Qollar: Rafa Silva, 38. Qonsalo Ramos, 45+2; 57. Joao Mario, 71-pen. David Neres, 77 – Byorn Meyer, 87.
Baş hakim: Halil Umut Meler (Türkiyə)
İlk oyun – 2:0
Lissabon, “Eştadiu du Benfika” stadionu.


