Çempionlar Liqasında “Qalatasaray” üçün uğursuz gecə

Futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha yeddi qarşılaşma baş tutub.

Azərbaycanın sözügedən turnirdəki təmsilçisi “Neftçi” də 2-ci mərhələdəki ilk oyununa bu gün çıxıb. “Ağ-qaralar” Yunanıstanın “Olimpiakos” komandasının qonağı olub. Azərbaycan çempionu güclü rəqibinə minimal hesabla məğlub olub.

Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” Estoniyanın “Flora” komandasını sınağa çəkib. Polşa təmsilçisi doğma meydanda çətin qələbəyə sevinib.

Türkiyənin “Qalatasaray” klubu isə səfərdə Niderland PSV-sinin qonağı olub. İstanbul təmsilçisi bu görüşdə böyük hesabla uduzub və demək olar ki, mərhələ adlamaq şansı qalmayıb.

Qazaxıstan “Kayrat”ı isə bu dəfə Serbiya “Srvena Zvezda”sı üzərində qələbəyə sevinib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları 27-28 iyulda keçiriləcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
21 iyul

Kayrat (Qazaxıstan) – Srvena Zvezda (Serbiya) 2:1

Malmö (İsveç) – HİK (Finlandiya) 2:1

Mura (Sloveniya) – Ludoqorets (Bolqarıstan) 0:0

Slovan (Bratislava, Slovakiya) – Yanq Boyz (İsveçrə) 0:0

Olimpiakos (Yunanıstan) – Neftçi (Azərbaycan) 1:0

Legiya (Polşa) – Flora (Estoniya) 2:1

PSV (Niderland) – Qalatasaray (Türkiyə) 5:1