Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turu yekunlaşdı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 5-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə A, B, C və D qrupları çərçivəsində 8 qarşılaşma baş tutub.

A qrupunda Türkiyə çempionu “Qalatasaray” doğma meydanda İngiltərə nəhəngi “Mançester Yunayted”i qəbul edib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Qrup lideri “Bayern” isə Almaniyada “Kopenhagen”i (Danimarka) sınağa çəkib. Bu görüşdə qapılara qol vurulmayıb.

B qrupunda “Sevilya” İspaniyada PSV (Niderland) ilə görüşdə ilk qələbəsini qazanmağa çalışıb. Amma beş qolluq matç meydan sahiblərinin məğlubiyyəti ilə bitib. İngiltərə təmsilçisi “Arsenal” isə evdə “Lans” (Fransa) üzərində darmadağına sevinib. Bu nəticələrdən sonra “Arsenal” və PSV 1/8 finala vəsiqə qazanıblar.

C qrupunda “Braqa” Portuqaliyada “Union Berlin”i (Almaniya) sınağa çəkib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Qrupun digər oyunu Madrid “Real”ı (İspaniya) ilə İtaliya çempionu “Napoli” arasında baş tutub. Beş qolun vurulduğu oyunda qələbəni meydan sahibləri bayram ediblər.

D qrupunda da Portuqaliya “Benfika”sı İtaliya “İnter”i ilə qarşılaşıb. Portuqallar ilk hissədə 3:0 önə keçdikləri bu oyunda xal itiriblər. Milan klubu fasilədən sonra buraxdığı bütün qolların əvəzini çıxmağı bacarıb. “Real Sosyedad” (İspaniya) isə Avstriyanın “Zalsburq” komandası ilə qolsuz heç-heçəyə razılaşıb.

UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu turunun oyunları 12-13 dekabrda keçiriləcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur
29 noyabr

A qrupu

“Bayern” (Almaniya) – “Kopenhagen” (Danimarka) 0:0

“Qalatasaray” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə) 3:3
Qollar: Ziyeş, 29; 62. K.Aktürkoğlu, 71 – Qarnaço, 11. B.Fernandes, 18. Maktominey, 55.

Xal: Bayern – 13. Kopenhagen – 5. Qalatasaray – 5. Mançester Yunayted – 4.

B qrupu

“Sevilya” (İspaniya) – PSV (Niderland) 2:3
Qollar: S.Ramos, 24. En Nesiri, 47 – Saibari, 68. Qudel, 81-öz qapısına. Pepi, 90+2.

“Arsenal” (İngiltərə) – “Lans” (Fransa) 6:0
Qollar: Haverts, 13. Q.Jezus, 21. Saka, 23. Martinelli, 27. Edeqor, 45+1. Jorjinyo, 86-pen.

Xal: Arsenal – 12. PSV – 8. Lans – 5. Sevilya – 2.

C qrupu

“Braqa” (Portuqaliya) – “Union Berlin” (Almaniya) 1:1
Qollar: Djalo, 51 – Qosens, 42.

“Real” (İspaniya) – “Napoli” (İtaliya) 4:2
Qollar: Rodriqo, 11. Bellingem, 22. N.Pas, 84. Xoselu, 90+4 – Simeone, 9. Anqissa, 47.

Xal: Real – 15. Napoli – 7. Braqa – 4. Union Berlin – 2.

D qrupu

“Real Sosyedad” (İspaniya) – “Zalsburq” (Avstriya) 0:0

“Benfika” (Portuqaliya) – “İnter” (İtaliya) 3:3
Qollar: J.Mario, 5; 13; 34 – Arnautoviç, 51. Frattezi, 58. A.Sançes, 72-pen.

Xal: Real Sosyedad – 11. İnter – 11. Zalsburq – 4. Benfika – 1.