Çempionlar Liqasının 14-cü dəfə qalibi oldu – “Real”!

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2021/22 mövsümünün qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin “Liverpul” və İspaniyanın “Real” komandaları üz-üzə gəliblər.

Fransanın paytaxtı Parisdəki “Stad de Frans” stadionunda baş tutan həlledici matçı yerli FİFA referisi Kleman Türpen idarə edib.

İki kollektiv indiyədək 8 dəfə qitənin ən nüfuzlu klub turnirində bir-birinə rəqib olmuşdu. Bunların 4-də “kral klubu”, 3-də mersisaydlılar qələbə qazanmışdısa, bir görüşdə qalib müəyyənləşməmişdi. Qolların nisbətində də Madrid təmsilçisinin üstünlüyü vardı – 10:8.

Bu, “Real” və “Liverpul”un Çempionlar Liqasının finalında 3-cü dueli idi. Əvvəlki 2 qarşılamadə tərəflər hərəyə bir dəfə titula sahib çıxmışdılar. 1980/81 mövsümündə İngiltərə təmsilçisi, 2017/18 mövsümündə isə İspaniya klubu turnirin qalibi olmuşdu.

Bunadək 13 dəfə ÇL-i qazanan Karlo Ançelottinin rəhbərlik etdiyi kollektiv turnirin ən titullu klubu idi. Yurgen Kloppun baş məşqçi olduğu komanda isə 6 dəfə Çempionlar Liqasının finalında qələbə sevinci yaşamışdı.

Bu qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlamalı idi. Lakin azarkeşlərin Parisdə yaratdığı sıxlıq səbəbindən “Liverpul” arenaya nəzərdə tutulandan gec gəlib. Bu üzdən “Stade de Frans”dakı oyuna 37 dəqiqə gec start verilib. Matçın taleyini isə bir qol həll edib. “Real” rəqibini minimal hesabla üstələyərək tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub.

UEFA Çempionlar Liqası
Final
28 may

Liverpul – Real 0:1
Qol: V.Junior, 59.
Baş hakimi: Kleman Türpen (Fransa).
Paris, “Stad de Frans” stadionu.

Liverpul: Alisson Bekker, Trent Aleksander-Arnold, İbrahima Konate, Vircil van Deyk, Endryu Robertson, Fabinyo, Cordan Henderson, Tyaqo Alkantara, Luis Dias, Məhəmməd Salah, Sadio Mane.
Ehtiyat oyunçular: Kyuvin Kelleher, Ceyms Milner, Nəbi Keyta, Roberto Firmino, Co Qomes, Aleks Oksleyd-Çemberlen, Kertis Cons, Takumi Minamino, Dioqo Jota, Konstantinos Tsimikas, Joel Matip, Harvi Elliott.
Baş məşqçi: Yurgen Klopp.
Real: Tibo Kurtua, Daniel Karvaxal, Eder Militao, David Alaba, Ferlan Mendi, Kazemiro, Toni Kroos, Luka Modriç, Federiko Valverde, Vinisius Junior, Kərim Benzema.
Ehtiyat oyunçular: Andrey Lunin, Naço, Eden Hazard, Marko Asensio, Marselo, Lukas Vaskes, Qaret Beyl, Dani Sebalyos, Rodriqo, İsko, Mariano Dias, Eduardo Kamavinqa.
Baş məşqçi: Karlo Ançelotti.