UEFA Çempionlar Liqasının 2022/2023 mövsümü çərçivəsində baş tutan İstanbul finalının Türkiyəyə nə qədər gəlir gətirdiyi bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi mətbuata açıqlamasında bildirib:
“Finala dünyanın hər yerindən qonaqlar gəliblər. Onlar ölkəmizin iqtisadiyyatına 200 milyon dollar dəyərində töhfə veriblər”, deyə Mehmet Büyükekşi bildirib.
Xatırladaq ki, Çempionlar Liqasının İstanbulun “Atatürk Olimpiya Stadionu”nda keçirilmiş final oyununda İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları qarşılaşıblar. Rəqibi üzərində 1:0 hesablı qələbə qazanmış “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. Bu, həm də sözügedən klubun tarixində ilk “trebl”in qazanılmasını rəsmiləşdirib. Buna qədər “şəhərlilər” İngiltərə Premyer Liqasını və Federasiya Kubokunu qazanmışdılar.


