Futbol üzrə Türkiyə milli komandasının müdafiəçisi Cenk Özkacar Fransanın “Olimpik” (Lion) klubundan birdəfəlik ayrılıb. Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu İspaniyanın “Valensiya” klubuna transfer olunub.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Gənc müdafiəçi 2022-ci ilin avqust ayında icarə əsasında “Valensiya”ya keçmişdi. O, geridə qalan mövsüm ərzində bu komandada 21 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
İspaniya klubu ötən yay türk oyunçunu satınalma şərti ilə icarəyə götürmüşdü. Bu yay isə La Liqa təmsilçisi 5 milyon avro ödəməklə onun transfer hüquqlarını da alıb. “Valensiya” bir illik icarə üçün də Fransa klubuna 500 min avro ödəmişdi. Türkiyəli futbolçunun özü ilə də 5 illik müqavilə imzalanıb.
Cenk Özkacar “Altay”ın yetirməsidir. O, bu komanda ilə yanaşı, “Karacabey Belediyespor”un da formasını geyinib. 2020-ci ilin avqustunda isə Lion “Olimpik”i gənc oyunçunu 1.5 milyon avroya transfer edib. Liqa 1 təmsilçisinin əsas komandasında cəmi 1 rəsmi oyun keçirən futbolçu bir mövsüm Belçikanın “Leuven” klubunda icarədə oynayıb. O, bu komandada 34 oyuna 2 qol da vurub. Cenk Türkiyənin əsas millisində də 3 matça çıxıb.
Yeri gəlmişkən, “Valensiya”da qapıçı Yaqo Herrerinlə də yollar ayrılıb. 35 yaşlı qolkiperin klubla müqaviləsinin müddəti bu ayın sonunda başa çatır. Bu üzdən də tərəflər yeni sözləşmə imzalamadan yollarını ayırıblar.
Yaqo Herrerin də geridə qalan mövsümün əvvəlində “Valensiya”ya keçmişdi. Amma təcrübəli qolkiper bu komandada cəmi 1 oyuna çıxıb. Hansı ki, qapıçı həmin oyunu qol buraxmadan keçirib. Herrerin daha öncə “Baskoniya”, “Barakaldo”, “Atletik”, “Atletiko”, “Numansiya”, “Leqanes” və “Əl-Raed” kimi klublarda da forma geyinib.