Cenk Tosun və Allan Sen-Maksimen “Fənərbaxça”da

Futbol üzrə Türkiyə millisinin hücumçusu Cenk Tosun “Beşiktaş”dan ayrılaraq Super Liqanın digər nəhəngi “Fənərbaxça”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klublarının mətbuat xidmətləri məlumat yayıb.

“Beşiktaş”la müqaviləsinin müddəti bu yay başa çatmış 33 yaşlı forvard azad agent kimi “Fənərbaxça” ilə 2 illik sözləşmə imzalayıb.

Frankfurt “Ayntraxt”ının yetirməsi olan Cenk Tosun “Qaziantepspor”, “Everton”, “Kristal Pelas” kimi klublarda da forma geyinib. O, bir neçə dəfə ayrılıb yenidən sıralarına qayıtdığı “Beşiktaş”ın heyətində bütövlükdə 227 oyuna çıxıb, 96 qol və 30 məhsuldar ötürmə ilə yadda qalıb. O, Türkiyə millisinin heyətində də 53 oyuna 21 qol vurub, 7 assist müəllifi olub.

“Fənərbaxça” “Alanyaspor”un sağ vingeri Oğuz Aydını da transfer edib. 23 yaşlı türkiyəli futbolçunun transferi İstanbul klubuna 6 milyon avroya başa gəlib. Onunla 4 illik müqavilə imzalanıb.

“Bucaspor”un yetirməsi olan Oğuz Aydın “Karacabəy Bələdiyyəspor”da da oynayıb. O, 2021-ci ildən formasını geyindiyi “Alanyaspor”da 95 matç keçirib, 24 qol və 10 assistlə yadda qalıb. Gənc vinger Türkiyə millisində də 1 oyuna çıxıb.

“Fənərbaxça” Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun fransalı sol vingeri Allan Sen-Maksimeni də heyətinə qatıb. Türkiyə klubu 27 yaşlı futbolçunu bir mövsümlük icarəyə götürüb. İstanbul təmsilçisi bir illik icarə üçün “Əl-Əhli”yə 8 milyon avro ödəyəcək. Futbolçunun qarşıdakı mövsümdəki maaşını isə Səudiyyə Ərəbistanı klubu özü verəcək.

Sen-Maksimen peşəkar karyerasına “Sent Etyen”də başlayıb. O, “Monako”, “Hannover”, “Bastiya”, “Nitsa”, “Nyukasl Yunayted” kimi klublarda da forma geyinib. “Əl-Əhli”yə ötən ilin iyul ayında 27,2 milyon avro qarşılığında keçmiş Allan, bu komandanın heyətində 31 oyuna çıxıb, 4 qol vurub, 10 assist müəllifi olub.

“Fənərbaxça”da bir yeni müqavilə, iki ayrılıq

“Fənərbaxça” gənc qapıçısı Ertuğrul Çetinlə də yeni müqavilə imzalayıb. 21 yaşlı qolkiper yeni sözləşməyə əsasən növbəti mövsümdə də bu klubun uğurları üçün çalışmağa davam edəcək. “Fənərbaxça”nın öz yetirməsi olan türkiyəli qapıçı əsas komandada 3 oyuna çıxıb və cəmi 1 qol buraxıb. O, “Gənclərbirliyi” və “Altınordu”da icarədə də olub, Türkiyənin müxtəlif yaş qrupları üzrə yığmalarında oynayıb.

“Fənərbaxça” gənc yarımmüdafiəçisi Emre Demiri də “Sakaryaspor”a icarəyə verib. 20 yaşlı futbolçu 2025-ci ilin 30 iyununa kimi Sakarya klubunda icarədə olacaq.

“Kayserispor”un yetirməsi olan Emre Demir “Fənərbaxça”dan öncə İspaniyanın “Barselona” klubunun B komandasında da forma geyinib. O, İstanbul təmsilçisinin əsas komandasında debüt şansı qazana bilmədiyi üçün ötən mövsüm “Samsunspor”da da icarədə olub.

“Fənərbaxça”nın Niderland vətəndaşlığına da malik olan türkiyəli hücumçusu Tyaqo Çukur isə bu klubdan ayrılaraq “Roda”ya keçib. 21 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

Tyaqo “Fənərbaxça”ya 2022-ci ilin yayında İngiltərənin “Uotford” klubundan transfer edilmiş və dərhal “Dender”ə icarəyə verilmişdi. Niderlandda dünyaya göz açmış türk əsilli futbolçu “Donkaster Rovers”, “Beveren” və “Ümraniyəspor”da da icarədə olub. O, Türkiyənin əsas millisində 1 oyun keçirib.