“Cenoa” daha üç futbolçu ilə gücləndi

İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi “Empoli”nin müdafiəçisi Stefano Sabellini transfer edib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. İtaliyalı müdafiəçi əvvəllər “Bari”, “Karpi” və “Breşiya”da da oynayıb.

A Seriyası təmsilçisi bir müddət əvvəl “Torino” ilə yollarını ayıran və azad agent statusu daşıyan qapıçı Salvatore Siriqunu da heyətinə qatıb. 34 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmır.

Siriqu 2017-ci ildən “Torino”da çıxış edirdi. O, bu dörd mövsüm ərzində Turin təmsilçisində 152 matça çıxıb. İtaliya millisində da oynamış Siriqu, peşəkar karyerasına “Palermo”da başlayıb. O, sonralar “Kremonese”, “Ankona”, PSJ, “Sevilya”, “Osasuna” kimi klubların da formasını geyinib. İtalyan qolkiper millidə 27 oyun keçirib.

“Cenoa” Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Kaleb Ekubanın da keçidini həll edib. 27 yaşlı hücumçu yaxın zamanda yeni klubu ilə rəsmi müqavilə imzalayacaq. İtaliya klubu hələ bu transferi açıqlamasa da, “Trabzonspor” Ekubanın transferi üçün qarşı tərəflər danışıqların başlanıldığını bəyan edib.

Ekuban 2019-cu ilin yayından “Trabzonspor”da çıxış edirdi. O, bu komanda ilə 103 oyunda 29 qol vurub, 18 məhsuldar ötürmə edib.