“Cenoa” gənc italyan mərkəz yarımmüdafiəçisi Fabio Mirettini “Yuventus”dan icarə müqaviləsi əsasında öz heyətinə qatıb.
Arena.az bu barədə “Cenoa”nın mətbuat xidmətinə istinadən məlumat verir.
Müqavilə 2023/2025-ci illər mövsümünün sonuna qədər hesablanıb. Sözləşmədə mərkəz yarımmüdafiəçisinin transfer hüquqlarının satınalınmasına dair hansısa şərt nəzərdə tutulmayıb. 21 yaşlı italiyalı futbolçu yeni komandasında 23 nömrəli formanı geyinəcək.
Mərkəz yarımmüdafiəçisi Fabio Miretti “Yuventus”un yetirməsidir. “Cenoa” italyan yarımmüdafiəçinin “byankoneri”dən başqa çıxış edəcəyi ilk komanda olacaq.
Miretti “Yuventus”un heyətində ümumilikdə 75 oyun keçirib, 2 qol vurub, 5 məhsuldar ötürmə verib.
Fabio Miretti 2022-ci ilin noyabrında İtaliya yığmasının heyətində debüt edib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Mirettinin qənimətlər muzeyində “Yuventus”la qazandığı İtaliya Kuboku (2023/2024) var.
“Transfermarkt” internet-portalı 21 yaşlı italyan mərkəz yarımmüdafiəçisi Fabio Mirettinin trasnfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.
“Cenoa” hücumçusu Seydu Finini də Niderlandın “Ekselsior” klubuna icarəyə verib. 18 yaşlı vinger bu mövsümün sonuna kimi icarədə olacaq.
Seydu Fini İtaliya klubunun öz yetirməsidir. O, Genuya təmsilçisinin əsas komandasının heyətində 5 oyun keçirsə də, fərqlənə bilməyib. Ötən mövsümdə isə italiyalı hücumçu Belçikanın “Standard” (Lyej) klubunda icarədə olub – 9 oyun.
Seydu Fini İtaliyanın U-21 yığmasında forma geyinir. O, daha öncə U-19, U-18 və U-17-də də çıxış edib.
“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.