“Cenoa” Qaston Pereyronu heyətinə qatdı

“Cenoa” uruqvaylı hücumameylli yarımmüdafiəçi Qaston Pereyronu azad agent qismində “qrifon”un düşərgəsinə qatıb.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Genuyaya xoş gəlmisən, Qaston”, – “Cenoa”nın bəyanatında deyilir.

İtalyan klubu uruqvaylı futbolçu ilə müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Pereyro yeni komandasında “11” nömrəsi altında çıxış edəcək.

Qaston Pereyro futbola “Rasinq” (Montevideo) klubunda qədəm qoyub, buradan isə Uruqvay nəhənglərindən “Nasyonal”a yol taparaq, böyük futbolda debüt edib. Karyerası ərzində Pereyro PSV, “Kalyari” və “Ternana”da çıxış edib.

2017-2021-ci illərdə Qaston Pereyro Uruqvay yığmasının heyətinə cəlb edilib, 13 oyuna 5 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Qaston Pereyronun qənimətlər muzeyində “Nasyonal”la Uruqvay çempionluğu, həmçinin PSV ilə hər biri 2 dəfə olmaqla Niderland çempionluğu və Niderland Super Kuboku var.

“Transfermarkt” internet-portalı 29 yaşlı uruqvaylı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın