“Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”

Rusiya yığmasının və “Neftçi”nin sabiq çalışdırıcısı Hacı Hacıyev rusiyalı mütəxəssis Stanislav Çerçesov haqda açıqlaması ilə diqqət çəkib.

Arena.az “Leqalbet” dərgisinə istinadən məlumat verir ki, Hacı Hacıyev Stanislav Çerçesovun Azərbaycan milli komandasına baş məşqçi təyin edilə biləcəyi haqda mümkün mənzərəyə münasibətini açıqlayıb:

“Bütün keçmiş İttifaq respublikalarında futbol yaxşı inkişaf edir – haradasa daha yaxşı, haradasa daha pis. Qazaxıstan Avropa çempionatının seçmə mərhələsində yaxşı çıxış etdi, Özbəkistanda çoxlu istedadlı gənclər var, Gürcüstanda isə Xviça Kvaratsxeliya var. Azərbaycanda isə həqiqətən, orada belə parlaq ulduzlar, nailiyyətlər yoxdur. Orada futbolla kifayət qədər ciddi məşğul olurlar və buna az pullar qoymurlar. Onların çempionatı əvvəlkindən daha da ciddiləşib. Artıq orada, bizim rusiyalı mütəxəssisimiz Murad Musayev işləyir. Azərbaycanın səviyyəsi pis deyil. Ora nəticə əldə etmək niyyəti ilə yollanmaq olar. Çerçesov isə bu yaxınlarda demişdi ki, üz tutacağı komandanın iddia və məqsədlərə sahib olması onun üçün önəmlidir. Azərbaycan yığmasının iddiaları var.

Biz bu mövzuda fikir yürüdə bilərik, amma əsas odur ki, Çerçesov ora gedəcəkmi. Ola bilər, ona bu, maraqlı deyil. Amma əgər o, maraqlanırsa, deməli, orada yaxşı nəticələr əldə etmək iqtidarındadır. Çerçesov Azərbaycan yığmasını yeni səviyyəyə çıxara bilər, orada bunun üçün ilkin şərtlər var. Əgər ilkin şərtlər yoxdursa, heç bir məşqçi heç nə etməyəcək. Bunun üçün lazımdır ki, sistem qurulsun, daxili çempionat az-çox normal olsun, artıq, yaxşı futbolçular dəstəsi hazırlanmalıdır. Azərbaycanda bu istiqamətdə irəliləyiş var, amma deməzdim ki, qonşu komandalar səviyyəsindədir. Amma məndən soruşulsa, o halda mən başqa söz deyəcəyəm. Bizə Rusiya çempionatında da belə mütəxəssislər lazımdır. Hesab edirəm ki, Çerçesov ixtisaslaşmış mütəxəssisdir, rusiyalıdır, o, bizim liqamızda lazımdır”, deyə Hacı Hacıyev bildirib.

Xatırladaq ki, Canni De Byazi ilə yollarını ayıran AFFA rəhbərliyi hazırda Azərbaycan millisinə yeni baş məşqçi axtarışındadır. Hazırda qonşu Türkiyə, Rusiya ilə yanaşı, digər ölkələrdən də xeyli mütəxəssisin adı millimizlə birgə hallanır.