Ceremi Frimponq 6 həftə oynamayacaq

Futbol üzrı Niderland millisinin və “Liverpul”un sağ cinah müdafiəçisi Ceremi Frimponq uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu UEFA Çempionlar Liqasında “Ayntraxt”la (5:1) görüşdə arxa bud əzələsindən zədə alıb.

Frimponqun təxminən 6 həftə oynamayacağı bildirilib. Bu müddət ərzində futbolçu İngiltərə Premyer Liqasında “Aston Villa”, “Mançester Siti”, “Nottingem Forest” və “Vest Hem”lə, həmçinin UEFA Çempionlar Liqasının əsas mərhələsində “Real” (İspaniya) və PSV (Niderland) ilə matçları buraxacaq.

Xatırladaq ki, Ceremi Frimponq “Mançester Siti”nin yetirməsidir. Ancaq futbolçu “şəhərlilər”in əsas komandasında debüt imkanı qazanmayıb və U-23 komandasında ikən “Seltik”ə transfer edilib. 2021-2025-ci illər aralığında “Bayer”də çıxış etmiş futbolçu “Liverpul”a bu ilin yayında cəlb edilib. Frimponqun “Bayer”dən “Liverpul”a tamhüquqlu əsasda keçidi “qırmızılar”a 40 milyon avro məbləğ müqabilində başa gəlib. “Liverpul” Frimponqla müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Frimponq “Liverpul”un heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 1 qol vurub.

Frimponq 2023-cü ilin oktyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 14 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Frimponqun qənimətlər muzeyində 2019/2020-ci illər mövsümndə “Seltik”lə qazandığı Şotlandiya çempionluğu, Şotlandiya Kuboku və Şotlandiya Liqa Kuboku var. “Bayer”lə isə Frimponq Almaniya Bundesliqasını (2023/2024), Almaniya Kubokunu (2023/2024) və Almaniya Super Kubokunu (2024/2025) qazanıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı niderlandlı sağ cinah müdafiəçisinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın