Ceremi Frimponq “Liverpul”a keçidindən danışdı

“Liverpul”un yeni transferi, 24 yaşlı niderlandlı sağ cinah müdafiəçisi Ceremi Frimponq “qırmızılar”ın düşərgəsinə keçidini şərh edib.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Mən harada olsam da, həmişə hansısa qəniməti qazanmışam. Çempionat, ölkə və ya liqa kuboku. Həmişə. Odur ki, mən bunu davam etdirmək istəyirəm, qənimətlər qazanmaq, axı mən futbolu bunun üçün oynayıram. Bəli, mənim məqsədim – mümkün olduqca çoxlu qənimət qazanmaqdır”, deyə Frimponq vurğulayıb.

Frimponqun “Bayer”dən “Liverpul”a tamhüquqlu əsasda keçidi “qırmızılar”a 40 milyon avro məbləğ müqabilində başa gəlib. “Liverpul” Frimponqla müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Ceremi Frimponq “Mançester Siti”nin yetirməsidir. Ancaq futbolçu “şəhərlilər”in əsas komandasında debüt imkanı qazanmayıb və U-23 komandasında ikən “Seltik”ə transfer edilib.

Cari mövsümdə Frimponq “Bayer”in heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 5 qol vurub və 12 məhsuldar ötürmə verib.

Frimponq 2023-cü ilin oktyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 12 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Frimponqun qənimətlər muzeyində 2019/2020-ci illər mövsümndə “Seltik”lə qazandığı Şotlandiya çempionluğu, Şotlandiya Kuboku və Şotlandiya Liqa Kuboku var. “Bayer”lə isə Frimponq Almaniya Bundesliqasını (2023/2024), Almaniya Kubokunu (2023/2024) və Almaniya Super Kubokunu (2024/2025) qazanıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı niderlandlı sağ cinah müdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın