Bu yay Türkiyənin “Beşiktaş” klubundan ayrılan niderlandlı yarımmüdafiəçi Cermeyn Lens özünə yeni komanda tapıb. Arena.az xəbər verir ki, 34 yaşlı vinger bundan sonra karyerasını Fransanın 3-cü liqa təmsilçisi “Versal”da davam etdirəcək.
Bu barədə futbolçunun yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
Cermeyn Lens peşəkar karyerasına “Alkmaar” komandasında başlayıb. O, ölkəsində “NEC Neymegen” və PSV-nin də formasını geyinib. Ukraynada Kiyev “Dinamo”sunun, İngiltərədə “Sanderlend”in uğurları üçün çalışmış yarımmüdafiəçi, 2016-cı ildən Türkiyədə forma geyinirdi. O, 2016/17 mövsümündə “Fənərbaxça”da, 2017/18 mövsümündə “Beşiktaş”da icarədə oynayıb. 2018-ci ildə “Beşiktaş” onu “Sanderlend”dən birdəfəlik transfer edib. “Beşiktaş”da 101 oyuna çıxan futbolçu, 12 qol və 20 məhsuldar ötürmə müəllifi olub. 2021-ci ildə “Fatih Karagümrük”də icarədə olan futbolçu burada da 16 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Lens Niderland yığmasında 34 oyuna 8 qol vurub.