İngiltərə millisinin sabiq üzvü Cessi Linqard bəziləri ailəsinin üzvləri olan bütün agentlərini istefaya göndərmək qərarına gəlib.
Arena.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
“Mançester Yunayted”in keçmiş hücumameyilli yarımmüdafiəçisi, hazırda azad agent olan 31 yaşlı futbolçu bu yolla özünə tez bir zamanda yeni komanda tapa biləcəyinə inandığı üçün bunu edib. Xəbərdə qeyd olunur ki, Linqard klublarla danışıqlar zamanı nümayəndələrinin fəaliyyətlərindən məyus olub.
Xatırladaq ki, Cessi Linqard kiçik yaşlarından “Mançester Yunayted”də forma geyinməyə başlayıb. 21 il sonra yetirməsi olduğu klubdan ayrılan vingeri, MY-nin əsas komandasında bütövlükdə 232 oyuna çıxıb, 35 qol vurub. O, bu illər ərzində qısa müddətə olmaq şərtilə “Lester Siti”, “Birmingem Siti”, “Brayton”, “Derbi Kaunti” və “Vest Hem” kimi klublara icarəyə də verilib.
Linqard 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən ayrılıb “Nottingem Forest”ə üz tutsa da, bu komandada cəmi bir mövsüm keçirib. Təcrübəli oyunçu “Nottingem Forest”də 20 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. O, 2023-cü ilin iyul ayında bu klubdan ayrılandan bəri işsizdir.
İngiltərə yığmasında 32 oyun keçirmiş futbolçu, 6 qola imza atıb.