Cessi Linqard Cənubi Koreya klubunda – Rəsmi

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq üzvü Cessi Linqard bundan sonrakı karyerasını Cənubi Koreyada davam etdirəcək.

Arena.az xəbər verir ki, xeyli müddət idi azad agent statusunda olan hücumameyilli yarımmüdafiəçi Cənubi Koreyanın “Seul” klubuna keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Cessi Linqard kiçik yaşlarından “Mançester Yunayted”də forma geyinməyə başlayıb. 21 il sonra yetirməsi olduğu klubdan ayrılan vingeri, MY-nin əsas komandasında bütövlükdə 232 oyuna çıxıb, 35 qol vurub. O, bu illər ərzində qısa müddətə olmaq şərtilə “Lester Siti”, “Birmingem Siti”, “Brayton”, “Derbi Kaunti” və “Vest Hem” kimi klublara icarəyə də verilib.

Linqard 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən ayrılıb “Nottingem Forest”ə üz tutsa da, bu komandada cəmi bir mövsüm keçirib. Təcrübəli oyunçu “Nottingem Forest”də 20 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. O, 2023-cü ilin iyul ayında bu klubdan ayrılandan bəri işsiz idi.

İngiltərə yığmasında 32 oyun keçirmiş futbolçu, 6 qola imza atıb.