Cessi Linqard və daha 4 futbolçu “Nottingem Forest”ə lazım olmadı

Cessi Linqard, Kafu, Andre Ayyu, Cordan Smit və Cek Kolbak İngiltərənin “Nottingem Forest” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Komandanın Premyer Liqaya çıxdıqdan sonrakı ilk mövsümünün uğursuz olması klub rəhbərliyini ciddi islahatlara vadar edib. Çünki “Nottingem Forest” rəhbərliyi həm mövsümün əvvəlində, həm də qış fasiləsi zamanı transferlərə kifayət qədər ciddi məbləğlər xərcləmişdi. Amma “Nottingem Forest” bunun qarşılığında 2022/2023 mövsümünü 38 xalla 16-cı pillədə başa vurub. Komanda 38 oyunda cəmi 9 qələbə qazanıb, 11 heç-heçə edib, 18 matçda da məğlubiyyətə üzülüb.

Mövsüm bitən kimi klub beş futbolçu ilə yolların ayrıldığını açıqlayıb. Onların arasında həftəsinə 200 min funt-sterlinq qazanan Linqard da var.

Müqavilələri yenilənməyən futbolçuların “Nottingem Forest”dəki göstəriciləri belədir:

Cessi Linqard: Mövsümün əvvəlində “Mançester Yunayted”dən ayrılaraq bu komandaya keçən 30 yaşlı yarımmüdafiəçi cəmi 20 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Kafu: 2020-ci ildən bu komandada çıxış edən portuqaliyalı yarımmüdafiəçi, bütövlükdə 55 matça çıxıb. 30 yaşlı futbolçu bu görüşlərdə 1 qol vurub, 5 assistlə yadda qalıb.

Andre Ayyu: 33 yaşlı sol cinah vingeri bu ilin fevralında “Nottingem Forest”ə qoşulmuşdu. O, qısa müddət ərzində formasını geyindiyi bu komandada 13 matça çıxıb. Qanalı futbolçu qol və assistlə yadda qalmayıb.

Cordan Smit: Klubun öz yetirməsi olan 28 yaşlı qapıçı əsas komandanın heyətində meydana çıxdığı 54 oyunda 85 qol buraxıb. O, cəmi 12 “quru” matç keçirib.

Cek Kolbak: 2018-ci ildən bu komandada olan 33 yaşlı dayaq yarımmüdafiəçisi 134 matçda 8 qol və 3 məhsuldar ötürmə müəllifi olub.