Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Lids” komandasının baş məşqçisi Cessi Marş istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
49 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib. ABŞ-dan olan mütəxəssislə yanaşı, onun köməkçiləri də istefaya göndəriliblər.
İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, “Lids” Premyer Liqada sonuncu dəfə ötən ilin noyabr ayında qələbə qazanıb. Komanda keçirdiyi 20 oyunda cəmi 18 xal toplayıb və 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.
Cessi Marş 2022-ci ilin fevral ayından “Lids”ə rəhbərlik edirdi. Komanda bu müddətdə 37 oyuna çıxıb, 11 qələbə qazanıb, 10 heç-heçə edib və 16 məğlubiyyətə üzülüb. Marş daha öncə “Leypsiq”, “Zalsburq”, “Nyu York Red Bulls” və “Monreal İmpakt” komandasına da rəhbərlik edib.