Çexiya yığmasında itki – Sadilek velosipeddən yıxılıb zədələndi

Almaniyada keçiriləcək 2024-cü il Avropa çempionatında işitarak edəcək Çexiya yığma komandasının düşərgəsində itki qeydə alınıb.

Arena.az Çex Respublikası Futbol Assosiasiyasına (FAČR) istinadən məlumat verir ki, yığma komandanın mərkəz yarımmüdafiəçisi Mixal Sadilek velosiped sürərkən kəllə-mayallaq olub və nəticədə ayağını zədələyib.

“Bu, bizim üçün böyük itkidir, çünki Mixal ən təcrübəli oyunçulardan biridir. Onun tezliklə sağalmasını arzulayıram”, deyə yığmanın baş məşqçisi, çex mütəxəssis İvan Haşek bildirib.

Mixal Sadilek “Slovatsko” və “PSV Eyndhoven” klublarının futbol akademiyalarında yetişib. Yarımmüdafiəçi, karyerası ərzində “PSV Eyndhoven”, “Slovan” (Liberets) və “Tvente”də çıxış edib. “Tvente” Sadileki 2022-ci ilin iyulunda 1,50 milyon avro məbləğ müqabilində “PSV Eyndhoven”dən heyətinə qatıb. Niderland klubunun çex yarımmüdafiəçi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Sadilek “Tvente”nin heyətində bütün yarışlarda 38 oyuna 1 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. Sadilekin Ensxede təmsilçisinin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 91 oyun, 4 qol, 8 məhsuldar ötürmə.

Mixal Sadilek 2021-ci ilin iyununda debüt etdiyi Çexiya yığmasının heyətində 24 oyun keçirib, 1 qol vurub, 2 məhsudlar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.