Ceydon Sanço “Çelsi”yə keçdi – Rəsmi

“Mançester Yunayted”in vingeri Ceydon Sanço bundan sonra Premyer Liqanın digər nəhəngi “Çelsi”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Çelsi”nin mətbuat xidmətinə istinadən məlumat verir.

London klubu ingiltərəli futbolçunu icarəyə götürüb. İcarə ödənişsiz əsasda həya keçirilib, amma “Çelsi” icarə müqaviləsinin sonunda – 2025-ci ilin iyun ayının sonunda Sançonu tamhüquqlu əsasda satın almağa mükəlləfdir.

“Stemford Bric”ə keçidini tamamlayaraq Ceydon yaxın günlərdə yeni komanda yoldaşlarına qoşulacaq. “Çelsi”yə xoş gəlmişsən, Ceydon!” – “zadəganlar”ın Sançonun keçidi münasibətilə rəsmi bəyanatında deyilir.

Öz növbəsində Sanço “Çelsi”yə keçidini şərh edib:

“Burada olmaqdan çox şadam. London mənim böyüdüyüm yerdir və buraya qayıtdığım üçün xoşbəxtəm. İdarəçi mənimlə layihə haqqında danışdı və bu, gənc oyunçu üçün çox həyəcanlıdır. Ümidvaram ki, “Stemford Bric”ə qollar və məhsuldar ötürmələr gətirə biləcəyəm”, deyə Sanço inamla vurğulayıb.

Xatırladaq ki, Sanço İngiltərə Premyer Liqasının cari mövsümündə “Mançester Yunayted”in iştirak ərizəsinə daxil edilməyib. O, “qırmızı şeytanlar”ın oyunlarında komandanın heyətində yer almayıb.

Vaxtilə, yetirməsi olduğu “Mançester Siti”nin uğurları üçün çalışmış Ceydon Sanço “Mançester Yunayted”ə 2021-ci ilin iyulunda 85 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçmişdi. Çıxışı müddətində Sanço “qırmızı şeytanlar”ın heyətində 83 oyun keçirib, 12 qol vurub, 6 məhsuldar ötürmə verib.

Ceydon “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunu (2023) qazanıb.

Sanço 2018-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 23 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı ingilis vingerin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.