“Mançester Yunayted”in ingilis sol vingeri Ceydon Sanço “qırmızı şeytanlar”ın düşərgəsinə qayıdışı ilə bağlı fikrini paylaşıb.
Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, Sanço bu barədə “Mançester Yunayted”in mövsümöncəsi hazırlıq məqsədilə yollandığı ABŞ səfəri zamanı danışıb:
“Yüz faiz müəyyənliklə şadam. Ab-havadan həzz almaq və uşaqların yanına qayıtmaq xoş idi, bu, əla idi”, deyə Sanço fərəhlə bildirib.
Xatırladaq ki, ötən mövsümün əvvəlində Erik ten Haq Ceydon Sançonun məşqdə kifayət qədər səy göstərmədiyini bildirmiş və məhz bu səbəbdən onu vacib oyunlarda əsas heyətə daxil etmədiyini əsaslandırmışdı. Bundan sonra isə futbolçu niderlandlı mütəxəssisin sözlərinin doğru olmadığını açıq şəkildə təkzib etmişdi. Nəticədə Ten Haq hücumçunu əsas komandadan uzaqlaşdırmışdı. Ötən mövsümün ilk yarısını futbolsuz qalmış Sanço cari ilin qışında icarə əsasında Dortmund “Borussiyası”na yollanmışdı. Mövsüm bitincə “Mançester Yunayted”ə qayıtmış ingilis futbolçu yenidən “qırmızı şeytanlar”la məşqlərə başlayıb. Niderlandlı mütəxəssislə ingilis futbolçu arasında anlaşılmazlıq isə tərəflərin sağlam düşüncəsi mənzərəsində öz həllini tapmış olub.
Ceydon Sanço “Mançester Yunayted”ə 2021-ci ilin iyulunda 85 milyon avro müqabilində məhz Dortmund “Borussiya”sından keçib. Bu müddətdə Sanço “qırmızı şeytanlar”ın heyətində 82 oyun keçirib, 12 qol vurub, 6 məhsuldar ötürmə verib. Ötən mövsüm Sanço mankunianların heyətində cəmi 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Ceydon “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunu (2023) qazanıb.
Sanço vaxtilə yetirməsi olduğu “Mançester Siti”nin də uğurları üçün çalışıb.
Vinger 2018-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 23 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 24 yaşlı ingilis vingerin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.