Ceydon Sanço özünün “Çelsi”dəki hədəfini açıqladı

İngiltərənin “Çelsi” klubunun bu yay heyətinə qatdığı Ceydon Sanço “zadəganlar”ın baş məşqçisi Entso Mareska haqda danışıb.

Arena.az ingilis futbolçunun bu barədə fikrini təqdim edir:

“Düşünürəm ki, məni layihəyə cəlb edən baş məşqçi olub. Mən onu “Mançester Siti”də Xosep Qvardiola ilə işlədiyim vaxtdan tanıyıram. O, mənə telefonla bu layihəni və burada nə qurulduğunu bildirdi, mənim kimi gənc oyunçu üçün isə bu, həyəcanlı idi. Birlikdə işə başlamaq intizarındayam”, deyə Sanço bildirib.

24 yaşlı vinger London klubunda nəyə nail olmaq istədiyindən də danışıb:

“Qollar vurmaq və məhsuldar ötürmələr vermək istəyirəm. Mən təcrübəli oyunçuyam və “Stemford Bric”ə həyəcan gətirmək istəyirəm. Ümidvaram ki, məndə hər şey alınacaq”.

Yeri gəlmişkən, “Mançester Yunayted”in idman direktoru Den Eşuort Ceydon Sançonun “Çelsi”yə keçidi haqda danışıb. Eşuortun bu barədə fikrini təqdim edirik:

“Sançonun gələcəyi yoxdur? Məsələ bunda deyil. Həm bizim, həm də oyunçu üçün düzgün addım olduğunu düşündüyümüz üçün müvafiq qərarı verdik. Ceydon özünü “Çelsi”də sınamaq istəyirdi, necə ki, Skott Maktominey özünü “Napoli”də, Eron Uan-Bissaka isə “Vest Hem”də sınamaq istədiyi kimi. Biz futbolçuları klubdan qovacaq vəziyyətdə deyilik”, deyə Eşuort vurğulayıb.

Xatırladaq ki, müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan Ceydon “Çelsi”yə bir neçə gün öncə icarə müqaviləsi əsasında cəlb olunub.

Vaxtilə, yetirməsi olduğu “Mançester Siti”nin uğurları üçün çalışmış Ceydon Sanço “Mançester Yunayted”ə 2021-ci ilin iyulunda 85 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçmişdi. Çıxışı müddətində Sanço “qırmızı şeytanlar”ın heyətində 83 oyun keçirib, 12 qol vurub, 6 məhsuldar ötürmə verib.

Ceydon “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunu (2023) qazanıb.

Sanço 2018-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 23 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı ingilis vingerin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.